Sevgi ilə yaşayan - kökə bağlanan Azərbaycan xalçaları

 

ABŞ-ın Şərq xalçası və tekstili üzrə Çikaqo cəmiyyətinin üzvü, mərhum Qrover Şiltsin kolleksiyasından iki ədəd qədim Azərbaycan xalçası Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə hədiyyə edilib

Layihə çərçivəsində budəfəki təqdimatımız Azərbaycan xalçaları ilə bağlıdır. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, “Azərbaycan Xalçaçıları” İctimai Birliyinin sədri, professor, sənətşünaslıq elmləri doktoru Röya Tağıyeva muzeyə təqdim edilən iki yeni xalça ilə bağlı məlumat verdi.

“Azərbaycanın əjdahalı xalçaları”

Azərbaycan xalqının əsrlər boyu yaratdığı maddi-mənəvi sərvətlər, o cümlədən xalça sənəti nümunələri dünyanın bir çox məşhur muzeylərində, şəxsi kolleksiyalarda və qalereyalarda saxlanılır. Dövlətimiz xarici ölkələrdə saxlanılan Azərbaycan xalqına məxsus sərvətlərin geri qaytarılması üçün müvafiq tədbirlər görür. “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun və həmin qanunun tətbiqi haqqında fərmanın 4.1.4 maddəsindəki “Xarici ölkələrin muzeylərində saxlanılan nadir Azərbaycan xalçalarının ölkəyə qaytarılmasına şərait yaradılması” bəndinə əsasən, Mədəniyyət və Turizm Nazirliyi, o cümlədən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi beynəlxalq aləmdə təbliğat işləri aparır. Aparılan təbliğatın nəticəsi olaraq Amerika vətəndaşı xanım Beverli Şilts, həyat yoldaşı Amerika kolleksiyaçısı, Şərq xalçası və tekstili üzrə Çikaqo (ABŞ) cəmiyyətinin üzvü, mərhum Qrover Şiltsin kolleksiyasından iki ədəd Azərbaycan xalçasını (“Əjdahalı”, Qarabağ, XVII əsrin sonu və “Səlyan Xiləsi” Şirvan, XIX əsr) təntənəli surətdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə hədiyyə edib. Bu haqda qəzetimizə danışan Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktorunun sözlərinə görə, Şərq xalçası və tekstili üzrə Çikaqo cəmiyyətinin üzvü Qrover Şilts Çikaqo simfonik orkestrində çalışıb, ingilis qoboyunda ifa edib. O, Şərq mədəniyyətinin və incəsənətinin vurğunu, Şərq, xüsusilə Qafqaz xalçalarının toplayıcısı olub: “Azərbaycanın nadir-unikal, qədim tarixə malik XVII əsrə məxsus, xalça sənəti tarixində ana xalça olan bu sənət nümunəsi, təəssüf ki, bu günə kimi Vətənimizin heç bir muzeyində və kolleksiyasında qeydə alınmayıb. O, sonrakı dövrlərdə Azərbaycanın müxtəlif məktəblərinə aid - “Qoca”, “Xilə Əfşan”, “Bəhmənli” və s. özünəməxsus xalça çeşnilərinin yaranmasında və inkişafında əsaslı rol oynayıb. Qarabağın XVII-XVIII əsrlərə aid “Əjdahalı” xalça nümunələri dünyanın bir çox muzeylərində - Vaşinqtonun “Tekstil”, Londonun “Viktoriya və Albert”, Türkiyənin “Topqapı” və s. muzeylərdə mühafizə olunmasına baxmayaraq, onlar Azərbaycan xalçası adı ilə deyil, ümumilikdə “Qafqaz” və yaxud da digər ad altında təqdim olunur. XVII əsrə aid Qarabağın “Əjdahalı” xalçasının məhz Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə hədiyyə olunması isə xalçanın və həmçinin onun çeşnisi əsasında toxunulmuş digər xalçaların Azərbaycan xalçası kimi təsdiqini tapmasında mühüm rol oynayacaq. Bu hadisə Azərbaycan xalça sənəti tarixinin mühüm səhifələrindən birinin bərpa edilməsinə səbəb olacaq”. Muzey direktoru qeyd edir ki, beynəlxalq aləmdə xüsusi əks olunması niyyəti ilə xalçaların təqdim olunma mərasimində 15 nəfər xarici ölkə (ABŞ, Almaniya, İtaliya) nümayəndəsi, o cümlədən İtaliyadan ICOC (Şərq Xalçaları üzrə Konfrans) Akademik komitəsinin sədri Alberto Boralevi, ICOC-un üzvləri Stefano İonesko və Mişel Buddeberq, “CARPET XL” jurnalının redaktoru Tim Steynert, xalça kolleksiyaçıları Cüzeppe Moresçini və Koos de Conq iştirak edib. ICOC 1976-cı ildən Şərq xalçalarını təbliğ və tədqiq edir, müntəzəm surətdə konfranslar keçirir. Azərbaycan Xalçası Muzeyi 30 ildən artıqdır ki, bu təşkilat ilə əməkdaşlıq edir. Təqdimat mərasimində muzeydə təşkil olunan “Azərbaycanın əjdahalı xalçaları” sərgisində məhz hədiyyə olunan XVII əsrin sonuna məxsus Qarabağın “Əjdahalı” xalçasının kompozisiyası əsasında yaradılıb inkişaf etdirilən XIX-XX əsrə aid müxtəlif Azərbaycan məktəblərində toxunan “Əjdahalı” xalçalar nümayiş olunub, mövzu ilə bağlı video-çarx və nəfis kataloq təqdim olunub. Tədbirdə həmçinin cənab Koos de Conqun xalça məmulatları (yəhər üzü) haqqında yazdığı “Əjdaha və at” kitabı da muzeyə hədiyyə edilib. Amerika vətəndaşının Azərbaycan mədəniyyətinə, o cümlədən xalça sənətinə rəğbəti və humanist addımı mədəniyyətlərarası dialoqun bariz nümunəsidir. Həyata keçirilən bu aksiya ölkələr sırasında ilk addımdır.

İlmə-ilmə toxunduq,

diyar-diyar dolaşdıq

Xalçaların təqdimatı Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin, “Azərbaycan Xalçaçıları” İctimai BirliyininICOC-un üzvü Stefano İoneskonun təşkilatçılığı ilə təşkil olunacaq xalça turu çərçivəsində həyata keçirilib. Turun elmi məsləhətçisi ICOC-un Akademik komitəsinin sədri Alberto Boralevidir. Nümayəndə heyəti daha sonra Bakıda İçərişəhəri, Qız qalasını, Şirvanşahlar Saray Kompleksini, Karvansarayı, Cümə Məscidini ziyarət edəcəklər. Xalça toxuma prosesi ilə tanış olmaq, xalçaçı-rəssamlar və toxucularla görüş keçirmək məqsədi ilə “Azərxalça” elmi istehsalat birliyində və xalçaçı-rəssam Eldar Mikayılzadənin emalatxanasında görüş keçiriləcək. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Dənizkənarı Milli Parkda inşa olunan yeni əzəmətli “Uçan Xalça” binasının sorağı artıq dünyaya yayılıb. Bu möhtəşəm muzey kompleksi ilə tanışlıq qonaqların xahişi ilə turun proqramına salınıb. Azərbaycanın Lahıc, Şəki, Şamaxı, Naxçıvan bölgələrində davam etdiriləcək xalça turunda “Azərbaycan Xalçaçıları” İctimai Birliyi turun nümayəndə heyətinin yerli xalq sənətkarları ilə görüşlərinin təşkil olunmasını həyata keçirəcək. Qonaqlar Lahıca səfərləri zamanı muzeylərlə, tarixi-memarlıq abidələri ilə tanış olacaq, tətbiqi sənət ustaları ilə görüşəcəklər. Turun növbəti hissəsi Şəki şəhərində keçiriləcək. Şəki Xan Sarayı, Tarix-Diyarşünaslıq MuzeyiKiş kəndində yerləşən Alban kilsəsini ziyarət etdikdən sonra xalça emalatxanaları ilə tanış olaraq, toxucularla söhbətlər aparılacaq. Şəkidən Bakıya qayıdarkən yol üstü Şamaxı şəhərində “Cümə Məscidi”, “Diri Baba”, “Yeddi Gümbəz” ziyarətgahlarını, Bakının Suraxanı qəsəbəsində “Atəşgah” məbədini ziyarət edəcəklər. Qonaqların bir qismi iyunun 22-də Naxçıvan Muxtar Respublikasına yollanacaq - Naxçıvanda Xalça Muzeyi, şəhərin tarixi-memarlıq abidələri ilə tanış olacaq, tətbiqi sənət ustaları ilə görüşəcəklər.

 

Anar Miriyev

 

Palitra.-2013.-19 iyun.-S.11.